Dözümlülük və ya Şelford qanunu
Tolerantlıq qanunu — Orqanizmin hər-hansı ekoloji amilin dəyişkənliyinə münasibətdə dözümlülüyüdür.
== Ümumi məlumat ==
Mühitin limitləşdirici amilləri növün arealını müəyyən edir. Əgər qarşılıqlı təsirdə olan amillər məcmusundan ibarət mühitdə kəmiyyətcə müəyyən minimumdan az və ya maksimumdan çox olan ekoloji amil varsa belə mühitdə orqanizmin fəal həyat fəaliyyəti mümkün deyil. Bu amilin minimal və maksimal qiymətləri məhdudlaşdırıcı (limitləyici) rol oynayır. İki pessimum arasındakı məsafə-tolerantlıq zonası adlanır. Orqanizmin hər-hansı ekoloji amilin dəyişkənliyinə münasibətdə dözümlülüyü tolerantlıq adlandırılır. Əlverişsiz mühit şəraitinə dayanıqlı olan növlər tolerant növlərdir. Növün verilmiş coğrafi ərazidə mövcud olma imkanını müəyyən etmək üçün mühit amillərinin hər-hansı birinin ekoloji valentlik həddini aşıb-aşmamasını öyrənmək çox vacibdir. İlk dəfə bu qanunauyğunluğu amerikan alimi V. E. Şelford irəli sürmüşdür. 1913-cü ildə V. E. Şelford "tolerantlıq qanununu" formalaşdırmışdır.